top of page

Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil edən parlamentlərimiz arasında münasibətlərin də hazırki səviyyəsindən razılıq ifadə olunub.


Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, görüşdə Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələri əhatə etməklə, dostluq və qardaşlıq prinsiplərinə söykəndiyi qeyd edilib. Vurğulanıb ki, münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu var. Spiker Sahibə Qafarova ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini diqqətə çatdırıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil edən parlamentlərimiz arasında münasibətlərin də hazırki səviyyəsindən razılıq ifadə olunub. Spiker Sahibə Qafarovanın cari ilin iyun ayında Belarus Respublikasına rəsmi səfəri və səfər çərçivəsində keçirilən görüşlər məmnunluqla xatırlanaraq, qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyi qeyd olunub.

Tərəflər parlamentlərimiz arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladaraq, bu sənədin qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər. Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Belarus parlament nümayəndə heyətinin geniş tərkibdə müşahidələr apardığını bildirib və qarşı tərəfə minnətdarlığını ifadə edib. O, bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən soran keçirilən ilk parlament seçkiləri olduğunu diqqətə çatdırıb.


Natalya Koçanova ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. O, Azərbaycanın sədrliyi ilə Bakıda COP29 kimi qlobal tədbirin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan və Belarus Prezidentlərinin COP29 çərçivəsində təşkil olunan tədbirlər zamanı nitqlərini xatırladaraq, qeyd edib ki, dövlət başçılarımız həm tədbirin əhəmiyyəti, həm də beynəlxalq münasibətlər sistemində mövcud olan vəziyyət barədə geniş və obyektiv fikirlərini səsləndiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Valentina Matviyenko ilə də görüşüb

MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 21-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin parlamentarilərimizin beynəlxalq təşkilatlarda, o cümlədən MDB PA çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

bottom of page