top of page

Parlament növbəti cərimələri müəyyənləşdirir

Ödənişli yollardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr gəlir .


Milli Məclisin iclasında “Avtomobil yolları haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, qanun layihəsi ödənişli avtomobil yollarından istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsini və ödənişli avtomagistrallardan istifadə qaydalarını pozan şəxslərin məsuliyyətinin hüquqi əsasının yaradılmasını nəzərdə tutur:

"Təklif edilən dəyişikliyə əsasən, avtomobil yolları istifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, habelə buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyət daşıyacaqlar".

"Həmçinin inzibati məsuliyyətə səbəb olan bu halların tətbiqi zamanı hüquqi müəyyənliyin olması üçün qanuna iki yeni anlayış - “ödəniş məntəqəsi” və “buraxılış məntəqəsi” anlayışları daxil edilir" - o, əlavə edib.

Qeyd edək ki, “Avtomobil yolları haqqında” qanuna edilən əlavəyə əsasən, ödəniş məntəqəsi – ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır.

Buraxılış məntəqəsi – ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Ödənişli avtomobil yolları

Xatırladaq ki, mövcud “Avtomobil yolları haqqında” qanuna görə, avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi ilə avtomagistrallarda, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli avtomobil yolları yaradıla bilər.

Ödənişli avtomobil yollarının yaradılması dövlət büdcəsinin, yerli və xarici investorların vəsaitləri hesabına maliyyələşdirilə bilər. Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azaddırlar.

***

Milli Məclisin plenar iclası keçirilir.

İclasın gündəliyinə 15 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında.

2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

9. "Elm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

10. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

14. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

bottom of page