İslam təmayüllü radikal dini cərəyanlar həmişə qadınlara qarşı sərt tələblər irəli sürür. Onlar qadınları döyməyə, kölə və şikəst etməyə çağırışlar edir, qadının heç bir hüquqa malik olmadığını deyir, kişinin qadın üzərində hökmranlığını təlqin edirlər.
İlk dəfə şəhərdə ancaq gözləri açıq, qalan yerləri qapalı olan geyimdə qadın görəndə təəccüblənmişdim. Anamdan qadının niyə belə geyindiyini soruşduğumda, dedi ki, “bu qadının əri vəhabidir, ona üzüaçıq gəzməyə icazə vermir”. Sonralar şəhərdə belə qadınlara çox rast gəlirdim. Bir dəfə internetdə vəhhabi dindarların qadınlarla bağlı fikirlərinə rast gəldim. Sanki qadın dünyaya döyülmək, söyülmək, ata, qardaş, ər, oğul və bir sözlə ətrafdakı bütün kişilərin əmrlərini şərtsiz yerinə yetirmək üçün yaranıb. Hətta kişilər şəriət məhkəməsi quraraq qadınları daş-qalaq edə, onların müxtəlif bədən üzvlərini kəsə, yeməkdən məhrum edə bilərlər. Dostum danışır ki, bəzi müsəlman ölkələrində qadınların sifətlərini eybəcər hala salırlar ki, onlara başqa gözlə baxılmasın. Bəzi ölkələrdə isə ata, qardaş və ər istəsə, öz qadınını pul qarşılığında başqasına kölə kimi sata bilər.
İslam dini qızların 9 yaşında ərə verilməsinə normal baxır. Bacımın 9-10 yaşlarında olan dövrünü xatırlayıram ki, hələ də oyuncaqlarla oynayır, evdəkilərdən ona kukla almalarını istəyirdi. Mən heç cür təsəvvür edə bilmirəm ki, bacım bu yaşda ərə gedə, ailənin ağır yükünü çəkə bilər. Axı o hələ heç yemək bişirə, ev təmizləyə bilmir. Anamgil uşaq olduğu üçün onu evdə tək qoymur. Onun ərə getdiyini, uşağı olduğunu necə təsəvvür etmək olar.
Gəncədə bir kişi öz xanımını və qızlarını da götürüb Suriyaya döyüşməyə getmişdi. Sonra eşitdik ki, o kişi müharibədə öldürülüb, xanımı və qızları isə İraq-Şam İslam Dövlətinin terrorçularının əlinə keçib. Onları bazarda satıblar, başlarına cürbəcür bəlalar gətiriblər. İndi o qadının və qızlarının harada olduğu, başlarına nələrin gəldiyi məlum deyil. Hamı deyir ki, onlar Suriyaya İslam dövləti qurmaq üçün cihad etməyə gediblər. O kişi İslam dövlətini qura bilmədi, əvəzində isə xanımını və qızlarını terrorçuların əlində əsirə, bəlkə də qula, köləyə çevirdi. Özü isə həyatı ilə vidalaşmalı oldu.
Mən dostlarımla birlikdə tez-tez terrorçuların insanların başına gətirdikləri müsibətlər barədə videolara baxıram. Orada ən çox qadın və uşaqlara zülm verildiyinin şahidi oluram. İraqda bir qadın çadradan üzü göründüyünə görə öldürülmüşdü. Radikal dindarlar üçün qadın insan yox, sanki istədikləri kimi rəftar edə biləcəkləri əşyadır. Onların əksər qadağaları qadınlarla bağlıdır. Kişi bir neçə qadınla evlənə, qadınları istədiyi kimi cəzalandıra, qul əvəzinə istismar edə bilər. Amma qadının heç bir hüququ yoxdur. O, ərinin bütün zorakılıqlarına dözməli, uşaq dünyaya gətirməli, böyütməlidir. Səsini çıxaranda isə əri tərəfindən döyülə, öldürülə bilər.
Bütün bunları eşidəndən sonra başa düşürəm ki, radikal dini cərəyanlar qadınların ən böyük düşmənidir. Çünki onlar üçün qadınların heç bir dəyəri yoxdur. Lazım olanda qadını pula dəyişə, canlı bombaya çevirərək partlada bilərlər. Qadın terrorçulara görə, lazımsız əşyadan başqa bir şey deyil. Odur ki, qadınlar radikal dini qruplardan uzaq durmalı, onlara qarşı mübarizənin önündə olmalıdır. Başa düşmək lazımdır ki, qadın təhsilli, savadlı olanda, peşə sahibi olanda, öz hüquqlarına hörmət tələb edəndə hörmətli olur. Əks təqdirdə, cahil, savadsız qadın radikal dini cərəyanların toruna düşür və onların qurbanına çevrilir.
Zeynalov Qurban Elnur oğlu, Gəncə şəhər 40 saylı tam orta məktəbin 8-ci sinif şagirdi
P.s. Bu yazı“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində məktəblilər arasında keçirdiyi inşa və rəsm müsabiqəsinin qalibi olub