Dünən ABŞ-ın İsraildəki səfirliyi Tel-Əviv şəhərindən Qüds (Yerusəlim) şəhərinə köçürülüb. ABŞ prezidenti Donald Tramp mərasim iştirakçılarına vidiekonfrans vasitəsilə müraciət edib. Tədbirdə iştirak edən ABŞ nümayəndə heyətinin tərkibində D. Trampın qızı İvanka, kürəkəni Cared Kuşner, maliyyə naziri Stiven Mnuçin olub. ABŞ nümayəndə heyəti açılış mərasimindən əvvəl İsrail Xarici İşlər Nazirliyində keçirilən tədbirdə iştirak edib. Tədbirdə çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu prezident Trampın ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə (Yerusəlim) köçürmək barədə qərarını təqdir edib və bunun “cəsur bir qərar” olduğunu bildirib. Fələstinlilər Şərqi Qüdsü müstəqil Fələstin dövlətinin gələcək paytaxtı sayırlar. Ərəb Dövlətləri Liqası ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi ilə bağlı mayın 16-da fövqəladə toplantı keçirəcək. Məlumatı TRT telekanalı yayıb.
Onu da qeyd edək ki, Qəzza sektorunun inzibati sərhədində fələstinlilərin "Geriqaytarma marşı" və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirilib. Məlumata görə, Qəzza bölgəsinin İsraillə inzibati sərhəd ərazisində, təqribən, 10 min fələstinli toplaşıb. Bəzi nümayişçilər hətta sərhəd maneələrini aşmağa çalışıb. Qeyd olunur ki, 16 nəfər ölüb, azı 28 nəfər yaralanıb.
Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfirliyinin Qüdsə köçürülməsinə toxunaraq deyib: “Məzlumların qanı üzərində dinclik və rifah təsis edilə bilməz. İndi bir addım atılaraq Qüdsü İsrailin paytaxtı elan edirlər. Nə addım atılarsa atılsın, BMT-də səsə qoyuldu. 128 ölkə mövqeyini dəqiq şəkildə ortaya qoydu. 7-8 ölkənin dəstəyi ilə müxtəlif vasitələrlə addımlar atıldı. Bunların heç bir əhəmiyyəti yoxdur. Qüds Fələstinin paytaxtıdır. Bunu İslam aləmi olaraq biz belə bilirik”.
Ərdoğan ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxmasının bölgədə çətin bir proses yaradacağını da söyləyib. Dövlət başçısı İran ilə P5+1 (ABŞ, Çin, Fransa, Rusiya, İngiltərə və Almaniya) arasında 2015-ci ildə imzalanan sazişin beynəlxalq sabitliyin zəmanəti olduğunu vurğulayıb. Ərdoğan ABŞ-ın qərarının bölgədə silahlanma yarışına səbəb olub-olmayacağına dair suala cavabın da deyib: “ABŞ Suriyaya 5 min TIR, 2 min yük təyyarəsi ilə silah göndərdi. Buna diqqət yetirin. Bu silahlar bu ölkəyə nə üçün göndərildi? Bölgədə silahlanma yarışı ABŞ tərəfindən davam etdirildi və bu silahlanma yarışı içində 20 nöqtədə həssaslığı gözdən yayındırması mənası daşıyır”.
Dövlət başçısı İsrail və İran arasındakı gərginliyin nəzarətdən çıxmasından narahat olub-olmadığına dair suala cavab olaraq deyib ki, İsrail Suriya torpaqlarına 50-yə yaxın raket atıb. Bunun mənası bölgədə bir müharibə üçün təhrikdir. Türkiyənin Suriyada rejimə dəstək verən Rusiya və İran ilə əməkdaşlığı nə üçün seçdiyi ilə əlaqəli sual qarşısında isə Ərdoğan deyib: “Mən Əsədə bu gün də qarşıyam, Bəşər Əsədin yanında deyiləm. Lakin istər Rusiya, istərsə İranla atdığımız addımlar Suriyadakı xalqın barışı istiqamətindədir.
Türkiyə ilə İngiltərə arasındakı əlaqələrə də toxunan Ərdoğan hazırda 17 milyard dollara yaxın ticarət dövriyyəsini daha da artırmaq üçün cəhd göstərilməsinin vacib olduğunu dilə gətirib, iki ölkə arasında müdafiə sənayesi sahəsində də əlaqələrin davam etdiyini və bunları gücləndirmə səylərinin davam edəcəyini deyib.
Yeri gəlmişkən, Türkiyə prezidenti, hakim AKP və MHP-nin qurduğu “Cümhur” İttifaqının prezidentliyə vahid namizədi Rəcəb Tayyib Ərdoğan BBC-yə müsahibə verib. Ərdoğan müxalifət və seçkilərlə bağlı suallara cavabında önəmli mesajlar səsləndirib. “Türkiyə bir hüquq dövlətidir, bu hüquq dövlətinin içində hər şey işlər” deyən Ərdoğan, 24 iyun seçkiləri ilə bağlı aşağıdakı dəyərləndirməni ifadə edib: “Ana müxalifətin bizə meydan oxumasının qarşılığında, seçkiləri 17 ay önə çəkməklə, onlara “buyurun!” deyib meydana çağırdıq, gördüyümüz iş budur. Türkiyə bir hüquq dövləti olaraq erkən seçkilər, konstitusiya dəyişikliyi ilə bağlı məsələlərdə müxalifətlə birgə hərəkət edib və demokratik prinsiplərə uyğun qərarlar alıb. İndi də 24 iyun seçkilərinə gedirik”. Seçim kampaniyası zamanı ortaya çıxan problemlərlə bağlı suala cavabında prezident Deyib: “Türkiyədə sandıq var, seçkilərə fərqli ölkələrdən, beynəlxalq təşkilatlardan müşahidəçilər dəvət olunur və onların gözləri qarşısında səsvermə keçirilir. Səsvermədən sonra kimin qazandığı ortaya çıxacaq. Biz təkrar qazansaq, hər kəs buna sayğı duyacaq, qazanmasaq, kim qələbə çalarsa, ona sayğı duyarıq, məsələ bu qədər sadədir”. AKP-nin və özünün uduza biləcəyi ilə bağlı suala Ərdoğanın cavabı maraqlı olub: “Bu sualı bizə niyə verirsiniz? Daha yaxşısı, əgər uduzmaq məsələsi varsa, qələbə çalanlar sevincdən oynayarlar, rahat olun. Qərb də, siz də rahat olun, hələ BBC çox rahat olsun”. “Təbii ki, qazanmaq üçün hər şeyi edəcəyik” deyən Ərdoğan, bütün komandası ilə mübarizə aparacaqlarını vurğulayıb: “Çünki bizim bütün hədəfimiz Türkiyəni müasir mədəniyyətlər səviyyəsinin üstünə qaldırmaqdır. Bunun üçün də Türkiyəni dünya iqtisadiyyatı içərisində ilk onluğa çıxarmaq lazımdır”.