Avropa Komissiyası “Avropa Birliyinin Miqrant gündəmi: əldə edilən uğurların gücləndirilməsi” adlı yeni hesabatını yayıb. Məlumata görə, hesabatda AB-nin İtaliya və Yunanıstandakı 160 min mühacir və qaçqının digər Avropa ölkələrinə yerləşdirilməsi, eyni zamanda Türkiyədəki qaçqınlara yardım məsələsi ilə bağlı geniş arayış verilib.
Hesabatda qeyd olunub ki, digər Avropa dövlətlərinə yerləşdirilmək üçün gözləyən 160 min qaçqından yalnız 31500-ü haqqında qərar icra edilib. Onlardan da çoxu İtaliya və Yunanıstandakı qaçqın kamplarından qaçaraq gizli yolla Almaniya, Fransa, Hollandiya kimi Avropa ölkələrinə gələnlərdir.
► Hesabatda diqqət çəkən məqamlardan biri də, Çexiyanın yalnız 12 qaçqın və mühaciri qəbul etdiyi, Macarıstan və Polşanın ümumiyyətlə qaçqın qəbul etməməsidir.
AB Komissiyası hesab edir ki, “Dublin” sazişi və Cenevrə Konvensiyasına imza atan Avropa dövlətləri götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.
► Hesabatda Türkiyə ilə bağlı hissədə qeyd olunub ki, AB 2016-cı ildə Türkiyədəki 72 min qaçqın və mühaciri qəbul edərək Avropa dövlətlərində yerləşdirməli idi. Ancaq cəmi 11354 qaçqın və mühacir Avropa dövlətləri tərəfindən qəbul edilib ki, onların da çoxu kamplardan qaçanlardır.
► Türkiyə ilə bağlı ən maraqlı hissə isə, Avropa Birliyinin qaçqın və miqrantları saxlamaq üçün Türkiyəyə verməli olduğu 3 milyard Avrodan sadəcə 908 milyon Avronu verməsidir.
Halbuki, AB 2016-ci ilin sonuna kimi Türkiyəyə söz verilən məbləği tam ödəməli idi.