top of page

“Azadlıq” radiosunun Gürcüstanda svan-azərbaycanlı “qarşıdurması” yaratmaqda məqsədi nədir?


“Azadlıq” radiosunun Gürcüstan İctimai Televiziyasının süjetinə istinadən Qardabani bölgəsində azərbaycanlılarla svanlar arasında qarşıdurma olduğu barədə ötən gün öz saytında yerləşdirdiyi videorolik əslində köhnədir. Qardabanidə belə insident olub, ancaq “Azadlıq” radiosunun iddia etdiyi kimi 2017-ci il oktyabrın 26-da deyil, 2014-cü ilin mayında baş verib.

Həmin süjetin saytda yerləşdirilməsindən sonra Gürcüstan İctimai Televiziyası redaksiyamıza müraciət edib. Telekanalın baş direktorunun köməkçisi Ramil Əliyev bildirib ki, “Azadlıq” radiosunun onlara istinadən yaydığı həmin videorolik 3 il əvvəl çəkilib.

“Bu kadrların bu günə heç bir dəxli yoxdur. Bizim telekanal bu cür yeni reportaj yaymayıb. Hadisələr 2014-cü ildə olub. Həmin vaxt Georgi Mqrebrişvili daxili işlər naziri yox, regionlardan birinin qubernatoru idi. Bizə aydın deyil ki, nəyə görə “Azadlıq” radiosu həmin süjeti indi baş vermiş hadisə kimi öz saytında yerləşdirib”-Ramil Əliyev deyib.

“Azadlıq” radiosunun əməkdaşı Zeynal Məmmədli bildirib ki, həmin süjeti radionun Praqa baş redaksiyasındakı gürcü xidməti təqdim edib. “Gürcüstan İctimai Televiziyası deyirsə ki, bu süjet köhnədir, qoy bizə rəsmi məktubla müraciət etsinlər, araşdıraq.

Qeyd edək ki, “Azadlıq” radiosu sıradan KİV deyil və bu cür nüfuzlu radionun saytında belə köhnə xəbərin yerləşdirilməsini hansısa jurnalistin adi “xalturası” hesab etmək olarmı?

Maraqlıdır ki, süjetin yayılması Bakıda tarixi açılış mərasimi-Bakı-Tiflis-Qars dəmir yolunun açılması ilə eyni günə təsadüf edib. Həmin açılışda Gürcüstanın baş naziri Georgi Kvirikaşvili də iştirak edirdi. Belə bir vaxtda Gürcüstanda svanlarla azərbaycanlılar arasında 3 il əvvəl olmuş qarşıdurmanı “xatırlatmaq” kimə lazım idi və məqsəd nə idi?

* * *10:42

Ötən həftə Gürcüstanın azərbaycanlılar yaşayan Qardabani bölgəsində yerli əhali ilə svanları arasında qarşıdurma olub. virtualaz.org xəbər verir ki, Gürcüstan azərbaycanlılarının Milli Hərəkatının rəhbəri Əlibala Əsgərov münaqişənin məişət zəminində, içki masası arxasında başladığını deyib. Kafelərdən birində iki azərbaycanlı 10-a qədər svanla dalaşıb. Lakin bir neçə saat sonra, gecə saatlarında 200-dən çox svan küçəyə çıxıb və azərbaycanlılardan Qardabanini tərk etməyi tələb edib. Vəziyyətin gərginləşməsi ilə bağlı daxili işlər naziri Georgi Mqrebrişvili Qardabaniyə gedib. O, azərbaycanlılarla görüşüb, aranı sakitləşdirməyə çalışıb. Azərbaycanlılar isə nazirə svanların onları söydüyünü deyib. Nazir bunların “təxribatçılar olduğunu” bildirib.

“Bu münaqişə ayrı-ayrı adamlar arasında başlayıb. Yol vermək olmaz ki, kimlərsə bundan vəziyyəti gərginləşdirmək üçün istifadə etsin. Bu, milli münaqişə deyil və ondan bizim xalqlarımızın düşmənləri yararlanmağa çalışır”-nazir deyib.

Qardabani Tiflisin 33 kilometrliyində yerləşir, bölgə əhalisinin 90 faizi azərbaycanlılardır. Ötən əsrin 90-cı illərində bu bölgədə svanlar azərbaycanlılara silahlı hücumlar edib, nəticədə minlərlə azərbaycanlı öz evlərini tərk edərək Azərbaycana sığınmağa məcbur olub.

bottom of page