top of page

İraq ABŞ-ı açıq şəkildə ittiham edir


İraq kürdlərinin lideri Məsud Bərzani kürd regionunun rəhbəri vəzifəsindən gedəcəyini təsdiq edib. Bərzani muxtar qurumun prezidenti postunun aradan qaldırılacağını və bu səlahiyyətlərin kürdlərin baş naziri, parlament və ədliyyə sistemləri arasında bölüşdürüləcəyini bildirib. O, parlamentə ünvanladığı məktubunda noyabrın 1-də hakimiyyət müddətinin bitməsindən sonra yenidən seçilmək üçün namizədliyini irəli sürməyəcəyini bildirib. Parlament artıq Bərzaninin hökumətdə fəaliyyətini dayandırması haqda qərar verib və növbəti iclasda onun bəyanatının oxunacağını bildirib. Müstəqilliyə dair referendumda böyük səs çoxluğu ilə müsbət nəticə əldə olunmasına baxmayaraq, Bərzani İraq hökumət qüvvələrinin Kərkük şəhəri ətrafındakı ərazini nəzarət altına almasından sonra çətin vəziyyətdə qalıb.

Öz növbəsində, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Məsud Bərzaninin istefasına münasibət bildirib: “Öz gələcəyi ilə bağlı qərarı özü verir. Onların daxili işlərinə qarışmaq doğru olmaz”. İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefaya getməklə regionun müstəqilliyi ideyasının məğlubiyyətə düçar olması ilə bağlı məsuliyyəti digər kürd partiyaları ilə bölüşmək istəyir. Bunu "RİA Novosti" agentliyinə açıqlamasında ərəb politoloq Şadi Abdel Vahab söyləyib. "Bərzani Bağdad qarşısındakı məğlubiyyətin məsuliyyətini bütün kürd partiyaları arasında bölüşdürmək istəyir. Bununla o, muxtariyyətə İraq tərəfindən olan təzyiqi zəiflətmək niyyətindədir. Bərzani kürdlərin birliyini qorumaq istəyir. Bununla belə, Bərzani regionun siyasətində əsas rolu oynamaqdan imtina etməyəcək", - deyə o bildirib.

Bu arada İraqın hökumət qüvvələri ilə kürd hərbiləşdirilmiş birləşmələri (“peşmərgə”) hərbi əməliyyatların dayandırılması rejiminin uzadılması barədə razılıq əldə ediblər. Bu barədə “Shafaq News” xəbər portalı məlumat yayıb. Bildirilir ki, razılaşma İraq Silahlı Qüvvələri komandanlığı və peşmərgə nümayəndələri arasında əldə olunub. Görüş ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyası nümayəndələrinin iştirakı ilə baş tutub. “Kurdistan 24” telekanalının məlumatına görə, atəşkəs rejimi, tərəflər mübahisəli ərazilər, eləcə də sərhəd məntəqələrinin birgə idarəsini razılaşdırana qədər qüvvədə qalacaq. Maraqlıdır ki, İraq tərəfi ABŞ-ı açıq şəkildə ittiham etməyə başlayıb. “ABŞ İraqın daxili işlərinə müdaxilə edir”. Bunu isə jurnalistlərə açıqlamasında İraq prezidentinin köməkçisi Nuri əl-Maliki söyləyib. Onun sözlərinə görə, xüsusilə, Vaşinqtonun Haşdi Şabi qruplaşması ilə bağlı bəyanatı Bağdad tərəfindən qəbuledilməzdir: “Bu cəhdlər Bağdadla Vaşinqton arasında əlaqələri zəiflədəcək. Haşdi Şabi İraqın rəsmi təhlükəsizlik qurumlarından biridir və terrorizmlə mücadilədə böyük fədakarlıqlar edib”. Qeyd edək ki, Nuri əl Maliki İrana yaxınlığı ilə seçilən siyasətçidir.

Son məlumatlara görə, İraqın şimalındakı Kürd Muxtar Əyalətinin başçısı vəzifəsini müvəqqəti olaraq muxtariyyətin baş naziri Neçrivan Bərzani icra edəcək. “Haber7" xəbər verir ki, əyalətə yeni başçı seçilənədək qərarları muxtariyyətin parlamenti və ya Ədalət Şurası qəbul edəcək. N.Bərzani isə həmin qərarların icrası ilə məşğul olacaq. İraq Türkmən Cəbhəsinin üzvü, Ərbili təmsil edən deputat Aydın Maruf Məsud bildirib ki, muxtariyyətin başçısı Məsud Bərzaninin səlahiyyətlərinin parlament və ya Ədalət Şurasına verilməsi səs çoxluğu ilə qəbul edilib. Onun sözlərinə görə, muxtariyyət parlamentinin qərarına əsasən İraqın Şimalındakı Yerli İdarəetmənin Başçılıq Rəyasət Heyəti də ləğv olunub.

Xatırladaq ki, əyalətin başçısı vəzifəsini icra edəcək Neçirvan Bərzani 1966-cı ildə İraqda anadan olub. O, 1984-cü ildə Tehran Universitetinin Siyasi Elmlər fakültəsinin bitirib. 2006-2009-cu illərdə muxtariyyətdəki hökumətə başçılıq edib, 2012-ci ildən isə bu bölgənin baş naziridir. N.Bərzani Məsud Bərzaninin qardaşı oğludur.

bottom of page