İraqın kürd muxtariyyətinin rəhbərliyi sentyabrın 25-də keçirilən müstəqillik haqqında qanunsuz referendumun nəticəsini ləğv etməyə hazırdır. Bunu muxtariyyətin rəhbəri Məsud Bərzani bəyan edib. Bu qərarın İraqın mərkəzi hakimiyyəti ilə dinc danışıqlara başlamaq məqsədilə qəbul edildiyi bildirilir. M.Bərzani deyib ki, Ərbil sülh tərəfdarıdır və regionda hərbi fəaliyyətin davam etdirilməsini istəmir: “Kürd və İraq xalqı qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin icrası üçün biz İraq hökuməti, İraq və dünya ictimaiyyətinə aşağıdakıları təklif edirik: 1) Bölgədə atəşin və bütün hərbi əməliyyatların dərhal dayandırılması, 2) Kürd muxtariyyətində keçirilmiş referendumun nəticələrinin dondurulması, 3) Konstitusiyanın əsasında bölgə hökuməti və İraq federal hökuməti arasında açıq dialoqa başlamaq”.
Bu arada İraqın baş naziri Heydər əl İbadi bu gün Türkiyəyə rəsmi səfərə gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İbadini qəbul edib. Görüşdən sızan ilkin məlumata görə, tərəflər əsasən 3 məsələni müzakirə ediblər: “Kürd Muxtar Vilayətinə sanksiyalar, Kərkük və PKK ilə mübarizə görüşdə əsas mövzu olub. Bundan başqa, Mosuldaki son durum və ikitərəfli siyasi, iqtisadi əlaqələrin daha da gücləndirilməsi qərara alınıb”. Öz növbəsində İraqın baş naziri növbəti dəfə tələb edib ki, Kürdüstan Regional Hökuməti referendumun nəticələrini ləğv etsin. O, bildirib ki, səsvermə iraqlıların dinc şəkildə birgə yaşaması və region üçün təhlükəlidir. Seçkinin nəticələrinə görə, 3,3 milyon əhalinin 92 faizi Kürdüstanın müstəqilliyinə səs verib. İran, Türkiyə, eləcə də qərb ölkələrinin çoxu referenduma qarşı çıxıblar. Ötən həftə İraq qüvvələri İranın dəstəklədiyi şiə yaraqlıların köməyilə neftlə zəngin Kərkükə və digər ərazilərə nəzarəti ələ alıb.
“İsrail kürdlərin cəhdlərinə böyük simpatiya bəsləyir”. Bunu isə İsrailin baş nazir Benyamin Netanyahu 2001-ci ildə Yerusəlimdə fələstinlilər tərəfindən öldürülmüş turizm naziri Rehavam Zeevinin anım mərasimində çıxış edərkən deyib. Baş nazir bildirib ki, dünya onların əmin-amanlığı və rifahı üçün qayğı göstərməlidir. B.Netanyahunun sözlərinə görə, Zeevi 1960-cı illərdə məxfi missiya ilə İraq Kürdüstanında olub və orada İsrail ordusu üçün səhra xəstəxanası yaradılmasına nəzarət edib. "Səfər onda güclü təəssürat yaratmışdı. O, İsrailə isti münasibət və dəstəklə rastlaşmışdı. O münasibət bu günə kimi davam edir. Kürdlər milli və beynəlxalq müdriklik göstərirlər. Biz onların istəklərinə böyük simpatiya bəsləyirik və dünya onların təhlükəsizliyinə, gələcəyinə qayğı göstərməlidir", - Netantyahu vurğulayıb.