Ölkənin siyasi həyatında stabillik olmayacaq?
Çexiyada keçirilmiş parlament seçkilərində milyarder biznesmen Andrej Babişin ANO partiyası qalib gəlib. ANO səslərin 30 faizindən çoxunu toplayıb. Bu, mühafizəkar ODS partiyasının göstəricisindən təxminən 3 dəfə çoxdur.
Babişin ölkənin yeni baş naziri seçiləcəyi gözlənir. Parlamentdə qazandığı 78 mandat ilə Babişə əlavə daha iki deputatın dəstəyi lazım olacaq ki, koalision hökuməti formalaşdırmaq üçün aşağı palatada yetərli çoxluğu əldə etsin. Babiş ölkənin ikinci zəngin adamı sayılır, seçkiqabağı kampaniyası çərçivəsində onun təbliğ etdiyi ideya və şüarlar ölkə daxilində mövcud hökumət təsisatlarının əleyhinə olmaqla yanaşı, xarici siyasətdə avroskeptiklər platformasına söykənib. Milyarder hamını danışıqlara dəvət etdiyini bildirib. 63 yaşlı Babiş 4 milyard dollar dəyərində təxmin edilən sərvətini kimya, ərzaq və media sahələrindəki biznes fəaliyyəti nəticəsində toplayıb. Onun adı bir sıra qalmaqallarda hallanıb, o cümlədən, fırıldaqçılıqda və kommunist hakimiyyəti dövründə polis agenti olmaqda ittiham edilib.
Andrej Babiş, Çexiyanın avroya keçidinin tərəfdarı deyil, lakin ölkəsinin Avropa İttifaqında qalmasını istədiyini bildirib.
Milyarder “Reuters” agentliyinə bildirib ki, miqrasiya probleminin həllini nəzərdə tutan təkliflərini Avropa Şurasına təqdim etmək niyyətindədir. Çex mediasında Babisi var-dövlətinə və populist çıxışlarına görə, “Çexiyanın Trampı” adlandırıblar. Babiş seçki kampaniyası zamanı bildirib ki, Avropa İttifaqı ilə inteqrasiyanın daha da genişləndirilməsinə və avronun qəbuluna qarşıdır. Onun qaçqınların qəbulu ilə bağlı mövqeyi də sərtdir. Tokio doğumlu çex siyasətçi Tomio Okamuronun SPD partiyası da qaçqınlara qarşı çıxır. SPD 22 mandat qazanıb. Okamura həm də Rusiya ilə isti münasibətlərin tərəfdarıdır. Çexiya müstəqil olandan bəri kommunistlər seçkidə ən pis nəticə göstəriblər. Səslərin cəmi 8 faizini qazanıblar. İnformasiya Texnologiyaları mütəxəssisi İvan Bartosun Pirat Partiyası da 22 mandat qazanıb.
Çexiyada parlament seçkisində qalib gələn müxalif ANO Partiyası hökumət qurmaq üçün kommunistlərlə koalisiya yaradacaq. Bunu Ukrayna mətbuatına açıqlamasında jurnalist Oksana Pelenska söyləyib. “ANO-nun rəhbəri Andrey Babiş söylədi ki, insanları Şərqə dönüşlə qorxutmayın. Politoloqlar əmindirlər ki, bu seçkidən sonra Çexiyanın siyasi həyatında stabillik olmayacaq. Bu səhər mən öyrəndim ki, Babiş artıq koalisiya ilə bağlı danışıqlara start verib. O, ilk olaraq Kommunist Partiyasını danışıqlara dəvət edib. Burada həqiqətən çox maraqlı situasiya yaranacaq. Kommunistlər parlamentə daxil olsalar da, çox səs itirdilər. Qalib partiyanın başqa kimlə birləşəcəyi bilinmir”, – deyə o bildirib.