Avropa İttifaqı mənbələrindən alınan məlumatlara görə, Brüssel Belarus prezidenti Aleksandr Lukaşenkonu “Şərq Tərəfdaşlığı” (ŞT) qrupunun gələn ay keçiriləcək sammitinə dəvət edib. Məsələdən xəbərdar olan mənbələr deyiblər ki, Belarus noyabrın 24-də keçiriləcək bu sammitə heç bir məhdudiyyət qoyulmadan dəvət edilib. “Şərq Tərəfdaşlığı”nın beş üzvü Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadır. Sammitə dəvətnamələr üzv ölkələrə oktyabrın 6-da göndərilib.
“Şərq Tərəfdaşlığı”nın bundan əvvəlki sammitləri ərəfəsində Avropa İttifaqı açıq şəkildə bildirirdi ki, Belarusa 21 ildir prezidentlik edən və “Avropanın son diktatoru” adını qazanmış Lukaşenko bu qrupda təmsil oluna bilməz. 2015-ci ildə tərəfdaşlığın Riqada keçirilən son sammitində Belarusu ölkənin xarici işlər naziri Uladzimer Makey təmsil etmişdi.
Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” təşəbbüsünə 2009-cu ildə 6 Şərqi Avropa və Qafqaz ölkələrinin iqtisadi inteqrasiyası və Avropa dəyərlərinin yayılması məqsədilə başlayıb. Belarusa 1994-cü ildən rəhbərlik edən Aleksandr Lukaşenko 2015-ci ildə Qərbin “nə azad, nə də ədalətli” adlandırdığı seçkidə beşinci müddətə prezident seçilib.
Avropa İttifaqı iki müxalifətçinin - bir jurnalist və bir biznesmeninin müəmmalı şəkildə yoxa çıxmasından sonra 2004-cü ildə Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərə əl atmışdı. Avropa Şurası 2010-cu ildə keçirilmiş prezident seçkisindən sonra müxalifətin təqib olunması ilə əlaqədar olaraq, Minskin üzərinə yeni sanksiyalar əlavə etmişdi. Lakin Avropa İttifaqı 2016-cı ilin fevralında Belarus üzərinə qoyulmuş əksər sanksiyaları qaldırıb. Bu sanksiyalara görə, 170 Belarus vətəndaşının aktivləri dondurulmuş və onlara viza qadağası qoyulmuşdu. Bundan başqa, ölkənin 14 şirkətinə məhdudiyyətlər tətbiq edilmişdi. Lakin 2016-cı ilin avqustunda Belarus bütün siyasi məhbusları azad etdikdən sonra Brüssel də cavab olaraq sanksiyaları qaldırıb.