top of page

Övladınızı ona etibar etməzdən öncə iki dəfə düşün


"Dayə seçərkən yaxınların, qohumların məsləhətinə deyil, bu işlə məşğul olan professionallara etibar etmək lazımdır" Ana olmaq böyük məsuliyyət tələb edir. Övladı böyütmək, onun qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın müqəddəs borcudur. Amma bəzi qadınlar analıq borcunu karyeraya qurban verirlər. Digərləri isə məcburiyyətdən övladlarına kifayət qədər vaxt ayıra bilmirlər.

Belə olanda, uşaqlar yaxın qohumlara, çox zaman isə dayələrə etibar edilir. Dayə seçərkən analar övladına yaxşı baxan, səmimi, dürüst, etibarlı insan tapmağa çalışırlar. Anaların çoxu "dayə uşağımı yaxşı baxmalı, mehriban adam olmalıdır" deyir. Analar uşaqlarının qorunmasını, etibarlı, onları qəzalardan qoruyacaq bir nəfərin yanında olmasını, yeməyinin vaxtında verilməsi, yatızdırılmasını kafi hesab etsələr də, bu yetərli deyil.

Mütəxəssislər hesab edirlər ki, körpənin düzgün inkişafı üçün doğru qidalar verilməsi ilə bərabər, uşağa sevgi də lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, ana olmayanda onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir.

Sosioloq Əhməd Mansurov bildirir ki, uşağı hər "dayəyəm" deyənə etibar etmək olmaz: "Bəzən 3-4 övlad böyüdən qadınlar düşünürlər ki, onlardan yaxşı dayə ola bilər. Siz elanlara da fikir verin. Çox zaman yaşlı qadınlar dayə ola biləcəkləri haqqında elan verirlər. Amma hər bir valideyn övladını yaxşı anaya yox, yaxşı mütəxəssisə etibar etməlidir. Çünki 3-4 övlad böyüdən qadınların əsəbləri zaman keçdikcə pozula, gərginləşə bilər".

"Həmin şəxsin müəyyən psixoloji problemlərinin ola biləcəyi qəbul edilməlidir. Yaxud, o, çarəsizlikdən dayə işlədiyi üçün uşağa yaxşı baxmaya bilər. Buna görə də, dayə seçərkən yaxınların, qohumların məsləhətinə deyil, bu işlə məşğul olan professionallara etibar etmək lazımdır" — sosioloq deyir.

Psixoloq Səbinə Bayramovanın sözlərinə görə isə, heç bir dayə uşağı anası qədər düşünə və sevə bilməz: "Lakin işləyən anaya övladına yetərincə baxmaq çətindir və o, dayə tapmaqda çox zaman çətinlik çəkir. İlk olaraq, axtardığınız dayədə hansı özəlliklərin olmasına qərar verməli və istəyinizi qarşı tərəfə dəqiq şəkildə bildirməlisiniz. Dayə olaraq tanınan şəxsi isə diqqətlə yoxlamalısınız. Əgər o, daha öncə dayəlik edibsə, hər ehtimala qarş, işlədiyi ailələrlə əlaqə saxlayıb onun haqqında məlumatları öyrənməlisiniz".

"Dayənin uşağınızla münasibət qura bilməsi önəmli olduğundan, uşaq psixologiyası və inkişaf dövrlərindəki xüsusiyyətləri bilən, Azərbaycan dilində (ana dilində) gözəl danışan, gülərüz, şəfqətli, nizamlı, diribaş, tolerant, gigiyenaya önəm verən, uşaq baxımını bilən, narahatlıqları olmayan sağlam birini tapmalısınız. Dayənin gözlənilməz situasiyalar zamanı sakit, özünü idarə edən, özünü itirməyən biri olması lazımdır. Bu zaman uşağınız daha təhlükəsiz olacaq, bu amillər onun inkişafına yararlı və müsbət təsir edəcək" — deyə psixoloq bildirir.

S. Bayramovanın sözlərinə görə, valideynlər unutmamalıdır ki, qaçılmaz situasiyalar yaranmadıqca uşağa evdə baxılmalıdır, onlar, xüsusilə də gecə və həftə sonları, dayə evində qalmamalıdır: "Çünki bu, körpənin öyrəşdiyi, özünü təhlükəsiz hiss etdiyi mühitdən uzaqlaşması və bundan təsirlənməsi deməkdir".

Psixoloq bildirir ki, dayənin tez-tez dəyişməsi uşağınızda uyğunlaşma probleminə yol aça, güvənlik və emosional baxımdan fəsadlara səbəb ola bilər: "Bu da öz növbəsində uşağınızın əsəbi, aqressiv, zəif, özünə qapanan olmasına səbəb olar. Övladınızın xoşbəxt və sağlam böyüməsi üçün mümkün qədər vaxtınızı ona ayırmalı və bu vaxtın keyfiyyətli keçməsinə çalışmalısınız".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri, hüquq elmləri doktoru Mais Əliyevin sözlərinə görə, Azərbaycanda işəgötürən qismində istənilən şəxs çıxış edə, özünə dayə, bağban, sürücü, katibə, ev qulluqçusu götürə bilər. Amma bir şərtlə ki, işəgötürüən işçi ilə müqavilə bağlamalıdır.

"Müqavilənin iki növü var. İşəgötürən işçi ilə əmək müqaviləsi və xidmət müqaviləsi bağlaya bilər. Hər bir halda ona görə Dövlət Sosial Müdafiə Fonduna pul ödəməlidir. Bu, qanunda da qeyd edilib. "Sosial Sığorta haqqında" qanunun tələbində yazılıb ki, ödəmə mənbəyindən Dövlət Sosial Müdafiə Fonduna pul keçirilməlidir. Bu, onlar xəstələnəndə, gələcəkdə təqaüdə çıxanda ondan yararlana bilməsi üçün lazımdır. Qanunvericilik bu nöqteyi-nəzərdən kimisə işə götürməyə icazə verir" — Şura sədri vurğulayıb.

Hüquqşünas əlavə edib ki, təcrübədə buna çox az rast gəlinir: "Hətta işçi müqavilə haqqında danışanda, ona "yox" cavabı verilir. Əgər rəsmi müqavilə yoxdursa, heç bir məsuliyyətdən də söhbət gedə bilməz. Əgər kiminsə evində çalışırsansa, müqavilən yoxdursa, bu, qeyri-rəsmi iş sayılır".

Ekspertin sözlərinə görə, əgər dayə və ya qulluqçu hər hansı evdə cinayət törədibsə, bu zaman cinayət məsuliyyətindən söhbət gedir: "Əgər sübut varsa, dayə və ya qulluqçu məsuliyyətə cəlb edilir. Amma müqavilə yoxdursa, mülki işlər zamanı, uşaq döyülərsə və s. bu kimi problemlər zamanı heç bir məsuliyyətdən söhbət gedə bilməz".

"Hüquq Dünyası" İctimai Birliyinin sədri Rafiq Alışov "Hüquq Dünyası" İctimai Birliyinin sədri Rafiq Alışovun sözlərinə görə, 2-3 il bundan əvvəl dayə xidməti ilə bağlı təşkilat yaradılıb. Orada dayələr yetişdirilib və onların sənədləri dayə axtaran şəxslərə təqdim edilib. Lakin sonradan bu məsələ öz aktuallığını itirib.

R. Alışov bildirir ki, dayə seçimi çox ciddi məsələdir: "Çünki sən valideyin olaraq öz uşağını kiməsə etibar edirsən. Etibar etdiyin adam da psixoloji cəhətdən sağlam olmalıdır. İkincisi, dayə həm də fiziki baxımdan sağlam olmalıdır. Bütün tibbi yoxlamalardan keçməlidir. Onun psixoloji, kardioloji, nevroloji, dəri-zöhrəvi, narkoloji və s. sağlamlıq arayışları olmalıdır. Çünki uşağı ona etibar edəcəksiniz. Dayənin intellektual səviyəsi də önəmlidir. Mən düşünürəm ki, dayə seçimi ilə bağlı xüsusi komissiya olmalıdır. Dayə olmaq istəyən şəxslər ancaq bu komissiyalardan keçəndən sonra işləyə bilər".

Ekspert bildirir ki, dayələr xidmət müqaviləsi ilə işə götürülməlidir. Müqavilədə tərəflərin öhdəlikləri qeyd olunur: "Eyni zamanda, dayə ilə maddi məsuliyyət müqaviləsi də bağlanılır. Evdə olan əşyalar, uşağın əşyaları ilə bağlı müddəalar həmin müqavilədə yer alır. Dayə fiziki şəxs olmalı, vergi orqanında qeydiyyatdan keçməli və aldığı məvacibdən vergi ödəməlidir".

Alışov hesab edir ki, müqaviləsiz işləyən zaman müəyyən problemlər ortaya çıxa bilər: "Uşağına normal qayğı istəyən valideyn dayə tutarkən bütün hüquqi qaydaları nəzərə almalıdır ki, sabah hansısa problem yarananda öz haqqını tələb edə bilsin. Dayə işə müqaviləsiz götürülən zaman ədalətin bərpa edilməsi çox çətin prosesə çevrilir".

Onu da xüsusi olaraq qeyd edək ki, dayə seçimində yaş da önəm daşıyır. Belə ki, dayə seçilərkən 27 yaşından böyük, 55 yaşından kiçik şəxslərə üstünlük verilməlidir. Bu hal qanunla tənzimlənməsə də, mütəxəssislərə görə, bu yaş insanın səbrli, əsəblərinin daha sakit olan dövrüdür.

bottom of page