9-cu və 11-ci sinif şagirdləri üçün iyunun 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı
TQDK iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Həmin gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də buraxılış imtahanı vermişlər. Bu imtahanların nəticələri iyun ayının 4-də saat 16:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.
9-cu sinif
Buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzü üzrə yazı işi (inşa) yerinə yetirmişlər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılmışdır. İmtahanda iştirakı nəzərdə tutulan 31490 şagirddən 404 nəfəri imtahana gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 31081 şagirdin imtahan nəticələri yerləşdirilib.
Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Yuxarıdakı cədvəldən də göründüyü kimi Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85.%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti almışlar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15%-i, riyaziyyat fənni üzrə isə 42.02 %-i “4” və “5” qiyməti almışlar.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti almışlar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.44%-i, riyaziyyat fənni üzrə isə 55.84 %-i “4” və “5” qiyməti almışlar.
56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.
11-ci sinif
XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlərə təqdim edilmiş mövzü üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrııb.
İmtahanda iştirakı nəzərdə tutulan 24445 şagirddən 333 nəfəri imtahana gəlməyib, 18 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24094 şagirdin imtahan nəticələri yerləşdirilib.
2015-ci ildə ilk dəfə olaraq XI sinif şagirdləri buraxılış imtahanlarında xarici dil fənni üzrə (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) imtahan vermişlər. İştirakçılardan 23534 nəfəri xarici dil fənni kimi ingilis, 363 nəfər rus, 108 nəfər fransız, 69 nəfər alman, 8 nəfər ərəb dilindən, 12 nəfər isə kimya üzrə imtahan vermişlər.
Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45.67.%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti almışlar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.32%-i, riyaziyyat fənni üzrə isə 64.62 %-i “4” və “5” qiyməti almışlar.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85.%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti almışlar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15%-i, riyaziyyat fənni üzrə isə 72.68 %-i “4” və “5” qiyməti almışlar. 165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.