M.Əliverdiyevanın dediyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri qınaq olunub.
Aparıcı Mətanət Əliverdiyeva ötən gün “Gündəlik” verilişində söylədiyi və səs-küy yaradan sözlərinə aydınlıq gətirib.
Aparıcı bunları deyib: “Mən sovet məktəbi keçmiş insanam. Yanğın da, faciə də görmüşəm. Mənim anam qucağımda keçinib. Yanğın baş verəndə dəhşətə gəldim. Öz-özümə dedim ki, bu nə idi? Elə bil kino idi gəldi, keçdi. Mən faciəyə laqeyd qala biləcək insan deyiləm. Özü də ki, uşaq ölümünə qarşı necə belə laqeyd ola bilərəm? Mən çox həssas insanam. Mənim kimi vətənpərvər insan yoxdur. Hələ günorta saat 2-də ölü sayı tam açıqlanmamışdı, mən rəhbərliyə dedim efirə çıxmayacam. Ötən yay şəhidlər dünyasını dəyişəndə radioda xəbərləri oxuya bilmədim. 20 illik iş təcrübəmdə ilk dəfə idi ki, mən canlı yayımı apara bilmirdim. Məni qınayanlar, verilişin əvvəlinə, sonuna baxsınlar. Niyə mənim orada dediyim “Mən də o yanğında ola bilərdim. Hamımızın başına gələ bilər” sözləri verilməyib? Hətta həkim dəvət edib, ondan belə yanğın anında nə edə biləcəyimizi öyrəndim”. Bu gün səhər teleaparıcı Mətanət Əliverdiyeva “Gün üzü verilişinin qonağı olub.
PressNews.Az-ın məlumatına görə, ötən gün “Gündəlik” verilişində səsləndirdiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözlərinə münasibət bildirən teleaparıcı göz yaşı töküb:
“Hadisə baş verəndə dəhşətə gəldim. Çox həssas insanam. Rəhbərliyə dedim ki, mən efirə çıxmaq istəmirəm. Böyüklərə nəsə olanda insan soyuqqanlı yanaşa bilir, amma körpələr... Evə gəlib uşaqlarımı qucaqlayıb öpdüm. Təsəvvür elədim ki, o analar nələr çəkib. Kimlərsə mənim verilişim vasitəsilə şou etdi. Mənə qarğış edirlər. Kiminsə alqışı ilə yaranmamışam ki, qarğışları ilə dünyadan gedim. Mənim körpə uşağıma qarğış edirlər, mənə pis təsir edir”.