“Sınaq qiymətləndirilməsinin tətbiq olunduğu Bakı məktəblərinin müəllimləri mart ayında artımla nəzərdə tutulan əməkhaqlarını almağa başlayıblar”.
PressNews.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, artım faizi və nisbəti hər bir müəllim üçün fərdi qaydada tətbiq olunub: “Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də açıqlama verib. Hazırda müvafiq məktəblərdə həm müəllimlərə, həm də direktorlara məsələ ilə bağlı əlavə məlumatlar verilib. Hətta bu məqsədlə işçi qrupu formalaşıb. Onlar yerlərdə görüşlər keçirir”.
M.Cabbarov qeyd edib ki, hər bir müəllim üçün bu rəqəm fərqlidir. Onun sözlərinə görə, lakin əksər müəllimlər üçün əməkhaqqı artımı 30-40 faiz civarındadır:
“Bundan daha artıq və az alan müəllim də ola bilər. Bu da iki səbəblə əlaqəlidir. Birincisi, müəllimlərin iş stajı və dərs yükü, ikincisi isə ölkənin gəlir vergisi sistemi ilə əlaqədardır. Çünki artırılmış maaşdan əlavə olaraq, hər bir vətəndaşa fərqli gəlir vergisi dərəcəsi tətbiq oluna bilər. Ona görə də burada belə yanaşma olmamalıdır ki, hər bir müəllimə eyni şəkildə artım tətbiq olunub. Eyni staj və dərs yükü ilə çalışan müəllimlərdə təbii ki, artımlar da eyni olacaq”.
Nazir məktəblərin yanğınlardan və digər hadisələrdən sığortalanması məsələsinə də münasibət bildirib: "Dövlət əmlakının sığortalanması məsələləri mərkəzləşdirilmiş şəkildə tənzimlənir. Hər Təhsil Nazirliyi istisna deyil".
Nazir bildirib ki, I Avropa Oyunları ilə əlaqədar keçən ilin oktyabr ayında Nazirlər Kabinetinin qəbul etdiyi xüsusi qərarla təhsil müəssisələrində tədris ilinin müddətinə müəyyən düzəlişlər edilib. Mayın 31-dək bütün təhsil müəssisələrində - ümumi təhsil, ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesi və imtahan sessiyasının başa çatdırılması nəzərdə tutulur.