Bu gün Milli Məclis yerli avtomobil sahiblərini yol vergisini ödəməkdən azad edib.
PressNew.Az-ın məlumatına görə, Milli Məclisin plenar iclasında qəbul edilən Vergi Məcəlləsində əlavə və dəyişikliklərlə bağlı qanun layihəsində deyilir ki, gələn ildən yol vergisi ödəyiciləri siyahısına Azərbaycan ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazının istehsalı və ya idxalı ilə məşğul olan şəxslər daxil edilirlər.
Bunadək Azərbaycan ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycanda mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri olan şəxslər Azərbaycanın avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləri olublar.
Qanun layihəsinə əsasən, 2015-ci ildən Azərbaycan ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.
Sənədə əsasən, Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz vergisi daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanacaq. Bundan başqa, idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi isə Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilib, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz vergisi daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanacaq.
Layihədə deyilir ki, Azərbaycanda istehsal edilən neft məhsullarından yol vergisinin hesablanması və ödənişinə nəzarəti vergi orqanları, idxal edilən məhsullara görə verginin hesablanmasını isə gömrük orqanları həyata keçirəcək.
Müvafiq olaraq, aşağıdakı iki maddə ləğv edilib. Birinci maddəyə əsasən, illik yol vergisinin ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı həyata keçirilmir. Digər maddəyə əsasən, Azərbaycanda mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər.
Qanun layihəsinə əsasən, Azərbaycanda yanacaq məhsullarının (avtomobil benzini, dizel yanacağı və maye qaz) istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayacaq və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisinin bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyəcəklər.