"Məni "Cəngəlliklər kraliçası" adlandırırlar. Maraqlı səslənir. Amma buradakı həyat daha maraqlıdır". 21 yaşlı Sara Bequm həyatında köklü dəyişikliklər edərək, şəhərin rahat həyatını cəngəlliklərdəki macəraya dəyişib.
London sakini olan Sara Ekvadorda, Amazon cəngəlliklərində yaşayan huarani qəbiləsinin həyatı ilə bağlı sənədli film çəkmək üçün həmin məkana yollanmışdı. 3 min nəfər üzvü olan huaranilər Amazoniyanı istila edən neft şirkətlərinə qarşı mübarizə aparırlar. Şirkət işçiləri meşələri qırır, geoloji-kəşfiyyat işləri zamanı təbiətə divan tuturlar. Təbii ki, bu zaman huaranilərin ənənəvi, əzəli yaşam arealları da viran qalır.
Qəbilə məhv olmamaq üçün mübarizə aparır və Sara Bequm da bununla bağlı sənədli film çəkir. PressNews.Az Daily Mail-ə istinadən bildirir ki, Sara Bequm qəbilədəki ilk günündə xüsusi mərasimlə qarşılaşıb. Onu qəbilənin 53 yaşlı mənsubu Qinkto ilə yanaşı oturdublar. "Dedilər ki, toy mərasimidir, məni ərə verirlər. Əsla tanımadığım, atam yaşında olan insana ərə getmək məni qorxutdu. Razılaşmadığımı dedim, qaçmaq istədim. Amma məni sakitləşdirdilər. Dedilər ki, adi mərasimdir və məni qəbiləyə üzv qəbul etmək üçün belə "toy" mütləqdir. Simvolik toy başa çatdı və söylədilər ki, əvvəlki təki azad insanam", - Sara Bequm söyləyib. Britaniya Kral Coğrafiya Cəmiyyətinin üzvü olan Sara Bequm Surrey qraflığındakı Kinqston Universitetində təhsil alıb.
O, universitetdə oxuduğu zaman 2010-cu ildə Ekvadordakı Yasuni Milli Parkına yollanmışdı. İndisə o, yeni sənədli film çəkir. Çəkilişlərdə ona britaniyal səs rejissoru Stiven Ball və amerikalı kinematoqrafçı Frenk Anqelçik yardım edirlər.