top of page

Bakıda 3 məktəb bağlandı, 7 direktor işdən qovuldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabat açıqlanıb.

Təhsil Nazirliyindən PressNews.Az-a verilən xəbərə görə, hesabatda bildirilir ki, Bakı şəhərində ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində uzun illər potensial şagird tutumundan dəfələrlə az şagird sayı ilə fəaliyyət göstərdiyinə və perspektivdə şagirdlərin artımı proqnozlaşdırılmadığına görə 152, 172, 88 saylı məktəblərin fəaliyyəti dayandırılıb.

Şagird və müəllimlər yaxın məktəblərə yerləşdirilib. Binalarında əsaslı təmir-tikinti işləri aparılan digər təhsil müəssisələri isə bu məktəblərin binalarında yerləşdirilib.

189, 190 saylı məktəblər və 5, 292 saylı məktəblər isə ərazi baxımından yaxın yerləşməsi və birində nəzərdə tutulduğundan artıq, digərində isə az şagird təhsil aldığı üçün şagird sayının balanslaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması üçün birləşdirilib.

Ötən tədris ili ərzində Bаkı şəhərinin məktəblərində məktəbdaxili nəzarətin təşkilinə dair reydlər təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatda qeyd olunub ki, reydlərin məqsədi şagirdlə­rin dərsə davamiyyəti, məktəbli kitabçasından istifadə, sinif jurnallarının aparılması, müəllimlərin fəaliyyətinə nəzarətin təşkili kimi məsələlər olub.

Reydin nəticələri ümumiləşdirilərək məktəb direktor­larının iştirakı ilə geniş müzakirə olunub və nöqsanların aradan qaldırılması məqsədilə əməli tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələr verilib.

Qeyd olunub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılıb.

Aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş qanun pozuntuları faktları barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub.

bottom of page