“Ah CHP, sənin gedəcək yerinmi var? Sən Azəri qardaşlarımızı Stalinə satacaqsan, onların qətlini seyr edəcəksən”
“1944-cü ildə Azəri qardaşlarımız rus zülmündən qaçaraq Türkiyəyə sığınmışdılar. O zaman Türkiyə tərəfsizlik adına o 146 qardaşımızı Stalinin əsgərlərinə təslim etdi”.
Bu sözləri Türkiyənin hakim partiyası AKP-nin prezidentliyə namizədi Rəcəb Tayyip Ərdoğan Antaliyada yerli əhali ilə görüşdə deyib. Ərdoğan bildirib ki, o zaman CHP-nin iqtidar dönəmi idi: “Bu CHP var ya, CHP... Bunu çox yaxşı anlamaq, bilmək lazımdır. Bunun keçmişi çolaqdır. CHP-yə səs verən qardaşlarıma səslənirəm, bu keçmişi yaxşı dəyərləndirmək lazımdır. Azəri qardaşlarımız Boraltan körpüsündən qarşıya keçdi. Ruslar bizim əsgərlərin gözü önündə onları güllələdilər. Onlar qarşı tərəfə keçən zaman bizim əsgərlərə “Bizi ruslara verməyin, siz güllələyin” deyə yalvarmışdılar. Ah CHP, sənin gedəcək yerinmi var? Sən Azəri qardaşlarımızı Stalinə satacaqsan, onların qətlini seyr edəcəksən...”.