top of page

Orta məktəbi yüksək qiymətlərlə bitirənlərə qızıl və gümüş medal veriləcək

Təhsil Nazirliyinin bu il də orta məktəbin buraxılış siniflərini yüksək nailiyyətlətlə başa vuran məzunlara qızıl və gümüş medallar verəcəyi gözlənilir. Qızıl və gümüş medallar alacaq məzunların adlarının gələn ayın sonunadək bəlli olacağı gözlənilir. Bu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013/2014-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri əsasında müəyyənləşəcək. Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, ötən tədris ilinin sonunda 238 məzuna qızıl medal, 10 məzuna isə gümüş medal verilmişdi. Ötən il qızıl medal almış orta məktəb məzunları arasında Azərbaycan prezidentinin oğli Heydər Əliyev də olmuşdu. "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır. Təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Aşağıdakı təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər:

Ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlər; Tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olanlar; Bütün fənlərdən illik qiymətləri "əla" olanlar.

Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülə bilərlər.

Məzunların qızıl və ya gümüş medalla təltifi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.

Qızıl və ya gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılır.

Qızıl və ya gümüş medal təntənəli şəraitdə təqdim edilir.

bottom of page